ELM VƏ TƏHSİL
İraq-Azərbaycan Dostluq Cəmiyyəti Ədəbiyyat İnstitutu ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Bakı, 17 mart, AZƏRTAC
İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Motazz Muhi Əbdulhəmid AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Qonaq AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli ilə bir sıra əməkdaşlıq məsələlərini müzakirə edib.
Akademik İsa Həbibbəyli Azərbaycanda ərəb ədəbiyyatının tədqiqi və İraqın bir çox universitetlərində türkologiya fakültələrinin olması barədə fikirlərini bölüşüb. “Bağdad ədəbi mühitini və digər müəllifləri müştərək öyrənməyə hazırıq. Xüsusən Məhəmməd Füzulinin öyrənilməsinə böyük əhəmiyyət veririk. Füzulini türkcə və ərəbcə çap etmək çox faydalı olar. İnstitutumuzda ayrıca Nizamişünaslıq və Füzulişünaslıq şöbələri var. Eyni zamanda, İraq ədəbiyyatını sistemli şəkildə öyrənməyimizə ehtiyac var. Füzuli haqqında müştərək kitab hazırlamağımızı və konfrans keçirməyimizi təklif edirəm”, - deyə İsa Həbibbəyli bildirib.
Motazz Muhi Əbdulhəmid Azərbaycan, xüsusilə Qarabağ məsələsi ilə bağlı İraq mətbuatında fəal çıxış etdiyini, “Qarabağ-mübarizənin tarixi” kitabını yazdığını, Şuşanı ziyarət etdiyini diqqətə çatdırıb. Qonaq İraq Mədəniyyət Nazirliyinin Füzulinin əsərlərini çap etməyi təklif etdiyini bildirib. O, Ədəbiyyat İnstitutundan Füzulinin əsərlərini və onun haqqında olan tədqiqatları çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan Respublikasının İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Motazz Muhi Əbdulhəmidun imzaladıqları “Təqdirnamə” Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidova təqdim olunub. Həmçinin instituta aid bir sıra nəşrlər qonağa hədiyyə edilib.