İQTİSADİYYAT
İraq neft hasilatının azaldılmasına dair sazişin müddətinin altı ay uzadılmasına dəstək verəcəyini bəyan edib
Bakı, 23 may, Nihad Budaqov, AZƏRTAC
İraq Neft İxrac edən Ölkələr Təşkilatına üzv və (OPEC) təşkilata daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması üzrə əldə etdiyi sazişin müddətinin altı ay uzadılmasına dəstək verəcəyini bəyan edib.
AZƏRTAC “bloombeg.com”a istinadla xəbər verir ki, bu bəyanatla İraq Milli Neft Şirkətinin (SOMO) baş direktoru Fələh Əlamri deyib. O, bu açıqlamanı İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibini adından edib.
Xatırladaq ki, ötən günlərdə dünyanın nəhəng neft istehsalçıları Səudiyyə Ərəbistan və Rusiya, eləcə də Küveyt, Oman və Venesuela hasilatın azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılmasının tərəfdarı olduqlarını bildiriblər.
OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.