SİYASƏT
İraq parlamentində Azərbaycandakı dini tolerantlıq barədə danışılıb
Bağdad, 25 iyun, AZƏRTAC
Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin parlamentinin vəqflər və dini işlər komitəsinin sədri Hüseyn Al-Yasari ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrdən danışan N.Məmmədov Azərbaycanda dini maarifləndirmə sahəsində ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycanın dini tolerantlığı dünyaya nümunə ola bilər. Əsrlər boyu Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayıblar.
İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verən diplomat ermənilərin müharibəni dini müstəviyə keçirmək cəhdlərinin qarşısını alınmasında Azərbaycandakı dini konfessiyaların nümayəndələrinin böyük fəallıq göstərdiklərini diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərdə mədəni, tarixi və dini abidələrə dəymiş zərər, Ermənistan tərəfindən vandalizmə məruz qalmış abidələr, məscidlər və muzeylər barədə materiallar təqdim edib. Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində bütün dini abidələrin və məscidlərin dağıdıldığı barədə danışan N.Məmmədov hazırda bu ərazilərdə dini ibadət yerlərinin bərpası istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini bildirib.
Hüseyn Al-Yasari ölkəmizə bir necə dəfə səfər etdiyini və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi və uzun müddət işğal altında qalmış torpaqların azad olunması xəbəri İraq xalqı tərəfindən sevinc hissi ilə qarşılanıb.
Müharibə dövründə parlamentinin Vəqflər və dini işlər komitəsi tərəfindən Azərbaycanı dəstəkləyən bəyanatın verildiyini bildirən komitə sədri belə məsələlərdə İslam dünyasının birlik göstərməsinin vacibliyini xüsusilə vurğulayıb.
Sonra H.Al-Yasari işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən törədilmiş vəhşiliklər, mədəni və dini abidələrin dağıdılması məsələsinə toxunaraq, bu vandalizm aktının yalnız Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad