DÜNYA
İraqda 200-dən çox kütləvi məzar aşkarlanıb
Bakı, 6 noyabr, AZƏRTAC
BMT-nin İraqa Yardım Missiyası (UNAMI) və İnsan Hüquqları üzrə Ali Komissarlığı Cenevrədə İŞİD qruplaşmasının İraqdakı cinayətləri ilə bağlı məruzəsini açıqlayıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, məruzədə Mosul, Kərkük, Səlahəddin, Ənbar rayonlarında və ölkənin qərb hissəsində 202 kütləvi məzarlığın aşkarlandığı bildirilib. Onların çoxunun qadın, uşaq, əlil və İraqın təhlükəsizlik qüvvələrinin əməkdaşlarına aid olduğu deyilir.
BMT-nin məruzəsində vurğulanır ki, bu yerlərdə 6 mindən 12 minədək, bəlkə də daha çox insan basdırılmış ola bilər. Məruzənin dərc edildiyi vaxtadək mütəxəssislər 23 kütləvi məzarlığı açıb və oradan 1258 cəsəd çıxarıblar. Ekspertlər beynəlxalq ictimaiyyəti qurbanların ekshumasiyası, daşınması, saxlanması, tanınması və cəsədlərin qalıqlarının həlak olanların ailələrinə qaytarılması üçün zəruri resurslar və texniki yardım təqdim etməyə çağırıblar.
2014-2017-ci illər arasında İraqın xeyli hissəsini nəzarət altına alan İŞİD qruplaşması həmin ərazilərdə beynəlxalq insan hüquqlarını sistematik şəkildə pozub, hərbi və insanlıq əleyhinə çoxsaylı cinayətlər törədib.