İQTİSADİYYAT
“Iraqi Airways” Azərbaycanda fəaliyyətinin 1 illiyini qeyd edib
Bakı, 24 sentyabr, Elvin Camalov, AZƏRTAC
“Iraqi Airways” Azərbaycanda fəaliyyətinin 1 illiyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, “Sultan STS” travel şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən tədbirdə çıxış edən İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli bildirib ki, Azərbaycanla İraq arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında hər iki ölkənin hava yollarının rolu böyükdür.
F.Əl-Şuveylinin sözlərinə görə, son dövrlərdə Azərbaycanın regionlarına və Bakıya ərəb ölkələrindən turistlərin gəlməsində, onların təhlükəsiz, rahat şəkildə uçuş həyata keçirməsində “Iraqi Airways” və “Azərbaycan Hava Yolları” QSC yüksək xidmət göstərib.
“Azərbaycanın inkişafı, ölkədə baş verən müsbət dəyişiklər, mədəni səviyyənin yüksək olması müsəlman ölkələrindən, ən əsası İraqdan turistlərin gəlməsinə səbəb olur. Eyni zamanda azərbaycanlı turistlər İraqda yerləşən dini ziyarət yerlərinə səfərlər edir, dini bayramlarda ölkəmizə təşrif buyururlar. Xüsusilə qeyd etmək istəyirəm ki, “Iraqi Airways”in reysləri ilə iraqlı tələbələr Azərbaycanda təhsil almağa gəlirlər. Tələbələrin Azərbaycana gəlməsi iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verir”, - deyə Fadil Əl-Şuveyli vurğulayıb.
“Iraqi Airways”in baş direktorunun nümayəndəsi bildirib ki, 1937-ci ildə yaradılan “Iraqi Airways” 1946-cı ildə İraq Respublikasının səlahiyyətinə verilib, artıq 70 ildir ki, fəaliyyət göstərir.
Azərbaycan və İraqın hava yollarına uğurlar arzulayan baş direktorun nümayəndəsi qeyd edib ki, “Iraqi Airways”in ən böyük uğurlarından biri yarandığı dövrdən bu günədək qəza etməməsidir.
Tədbir əyləncəli proqramla davam edib.