MƏDƏNİYYƏT


“İrəvan-Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir” adlı kitabın təqdimatı olub

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Beynəlxalq Mətbuat Mərkəzində görkəmli alim, Dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədovun “İrəvan-Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir” adlı kitabının təqdimatı olub.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “İnkişafa Doğru” RSİİD İctimai Birliyinin layihəsi əsasında nəşr edilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə alimin həyat və fəaliyyətini əks etdirən əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Təqdimat mərasimində layihənin rəhbəri İradə Rzazadə alimin ömür yolu və yaradıcılığından söhbət açıb. Bildirib ki, nəşrdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın ədəbi-bədii fikir, elmi-nəzəri düşüncə, ictimai təfəkkür, milli-mənəvi tarixindən bəhs edilir. İrəvanda yaşayıb-yaradan ziyalılarımızdan, orada fəaliyyət göstərən mətbu orqanlardan və teatr tariximizdən də söhbət açılır.

Tədbirdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud, tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, Əməkdar müəllim Firdovsiyyə Əhmədova və başqaları çıxış edərək bildiriblər ki, alimin yazdığı əsərlər və elmi araşdırmalar tarixçilər üçün əsl mənbədir.

Diqqətə çatdırılıb ki, İ.Məmmədov erməni vandallarının xalqımıza qarşı soyqırımları, deportasiya, erməni təcavüzkarlığı və Azərbaycan həqiqətləri ilə bağlı Moskva, Ankara, İstanbul və Bakıda keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxışlar edib. Erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşilikləri təkzibedilməz tarixi faktlar əsasında Azərbaycan, erməni, rus və ingilis dillərində dünya ictimaiyyətinə çatdırıb. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına əsasən Azərbaycan və Türkiyə respublikalarında 12 seriyalı “Sarı gəlin” sənədli filmi çəkilib və filmin baş məsləhətçisi İsrafil Məmmədov olub. Alim Tarix İnstitutunda fəaliyyətə başladıqdan sonra institutun nəşr etdirdiyi “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının müəlliflərindən biri kimi 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət mükafatına layiq görülüb.

Sonda çıxış edən İsrafil Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.