MƏDƏNİYYƏT
İrəvan Teatrı qastrol səfərinə hazırlaşır
Bakı, 21 fevral, AZƏRTAC
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə fevralın 22-də Bərdə rayonunda qastrol səfərində olacaq.
AZƏRTAC-a bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Natiq Həziyev, Əməkdar artist Sərvər Əliyev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev və Güney Əliyeva çıxış edəcəklər.
Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.