SİYASƏT
“İrs” jurnalının əhatə dairəsi genişlənir
Moskva, 30 iyun (AZƏRTAC). Moskvada “İrs” beynəlxalq jurnalının növbəti nömrəsi çapdan çıxmışdır. Jurnal ənənəvi olaraq öz oxucularını ölkəmiz, onun tarixi, mədəniyyəti və ənənələri haqqında xəbərlərlə tanış edir. Son iki ildə jurnalın imici dəyişmişdir. Onun əsas, rusdilli variantı həm dizayn, həm də məzmun baxımından dəyişmişdir. Jurnalın baş redaktoru Musa Mərcanlı AZƏRTAC-a bildirmişdir ki, 2010-cu ildən bu jurnalın ingilisdilli variantı çap edilir. Qısa müddətdə (indiyə qədər cəmi 5 nömrə çapdan çıxmışdır) geniş oxucu auditoriyası qazanmış jurnalın yayım arealı daim genişlənir və hazırda 60 ölkəni əhatə edir. Baş redaktor demişdir: “Bu ildən etibarən jurnalın daha 7 dildə variantlarını nəşr etməyə başlamağı planlaşdırmışıq. Həmin variantlardan birincisi – ispandilli jurnal artıq Argentinada çap edilir”.
Jurnalın son nömrəsində ənənəvi rubrikalarla yanaşı, digər materiallar da təqdim edilir. Azərbaycan fotoqrafiya sənətinin görkəmli xadimlərinə həsr edilmiş seriyadan ilk məqalə, heç şübhəsiz, oxucuların diqqətini cəlb edəcəkdir. Bu məqalə belə adlanır: “Faiq Rəcəbli: hər şəkil bir tarixdir”. “Qarabağ ətrafında diplomatik mübarizə: Azərbaycanın tərkibində muxtariyyət”, “Azərbaycan SSR-in Sovet Rusiyasında ilk səlahiyyətli nümayəndəsi”, “Böyük Təbriz “Şahnamə”sindən miniatürlər”, “Şərq oğlu”, xalqımızın tarixinin və mədəniyyətinin müxtəlif səhifələrinə həsr edilmiş bir sıra başqa məqalələr də böyük maraq doğurur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva