ELM VƏ TƏHSİL
“İş yerində sosial münasibətlər və təşkilati mədəniyyət” mövzusunda təlim təşkil edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Dövlət İmtahan Mərkəzinin (DİM) Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən “İş yerində sosial münasibətlər və təşkilati mədəniyyət” mövzusunda onlayn təlim təşkil edilib. Təlimdə Baş Prokurorluğun 13 əməkdaşı iştirak edib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, təlimdə rəhbərliklə ünsiyyət zamanı diqqət yetirilməsi vacib olan məqamlar, necə müşahidə etməli, problemi rəhbərliyə necə təqdim etməli, razılaşmadığınız məqamları rəhbərliklə hansı üslubla müzakirə etməli, fikir ayrılıqları yaşanan zaman necə ortaq məxrəcə gəlməli, kollektivlə olan münasibətlərin monitorinqini necə aparmalı olduqları, eyni zamanda, təşkilati mədəniyyət, onun növləri və s. barədə məlumat verilib.
Xatırladaq ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkili davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.