MƏDƏNİYYƏT
İsa bulağı “Cənnətim Qarabağ” rubrikasında
Bakı, 5 oktyabr, AZƏRTAC
“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı layihə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində təqdimatlardan biri dillərə dastan olan Şuşa qədər məşhur İsa bulağına həsr olunub.
Azərbaycanın dilbər guşələrindən olan Şuşa ötən əsrin sonlarınadək Qafqazın ən unikal mədəniyyət mərkəzlərindən biri idi. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan bu heyrətamiz şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır. Şuşa erməni qəsbkarları tərəfindən işğalınadək füsunkar təbiətinə, iqlim şəraitinə görə bir çox məşhur kurortlardan üstün olmasına baxmayaraq şuşalılar istirahət üçün daha çox təbiətə üz tuturdular. Onlar adətən meşəliyin əhatəsində olan bulaq başında dincəlməyə üstünlük verirdilər. Şəhərin ətrafında adi və mineral suyu olan çoxlu bulaq vardı. Bu yerlər, əsasən İsa bulağı, Daşaltı, Səkili bulağı, Turşsu, Dəvəbatıran, Fındıqlı göl və s. idi.
İsa bulağına o dövrdə qismən çınqılla örtülmüş torpaq yol aparardı. Təyin olunan yerə qədər atla, ya da faytonla ən uzağı bir-iki saata getmək olardı. İstirahətə gedənlər yola sübhdən çıxar, axşama yaxın qayıdardılar. Uzun yol qət edib bura gələn hər kəs büllur kimi təmiz, sərin sudan içmək üçün bulağın başına toplaşardı. Meşələrin üstündən həmişə kabab bişirilən ocaqların tüstüsü qalxardı. Dincələnlər özləri ilə xüsusi seçilmiş məşhur Qarabağ qoyunları, samovar, qab-qacaq götürərdilər. Şuşa yaxınlığındakı dağ çəmənliklərində bəslənilən qara rəngli qoyun cinslərinə xüsusilə dəyər verilirdi. Xalçalar və palazlar iri gövdəli, qollu-budaqlı ağacların kölgəsinə sərilər və onların üstünə yastıqlar və mütəkkələr düzülərdi. Hamı ortaya sərilmiş süfrənin ətrafında oturar, manqal və bulaq başına yığışardılar. Şişlərə çəkilən kababı yedikdən sonra mütləq bulaq suyundan dəmlənmiş çay içilərdi.
Bundan əlavə yay aylarında bulağın ətrafında poeziya və musiqi məclisləri də təşkil olunardı. Ayrı-ayrı musiqiçilər, çalğıçı dəstələri istirahət edənləri əyləndirirdilər. Qarabağın bir çox sənət adamlarını, görkəmli yazıçı və şairlərini, milli teatrımızın görkəmli xadimlərini, habelə muğam ustalarını da bu ecazkar təbiətin qoynunda görənlər az deyildi. Dünya gözü ilə ömründə bir dəfə də olsun İsa bulağına gəlib onu görən hər kəsi özünə heyran edən bu əsrarəngiz məkanın təsvirlərinə bir çox əcnəbi rəssamların əsərlərində rast gəlmək mümkündür. Bunlardan biri də XX əsrin 30-40-cı illərində Azərbaycanda yaşayıb-yaratmış teatr rəssamı Fyodor Qusak tərəfindən çəkilmiş və bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunan eskizdir.
Onu da xatırladaq ki, Şuşa 1992-ci il mayın 8-də öncələr öz çirkin məqsədlərinə çata bilməyən mənfur düşmən tərəfindən işğal еdildikdən sonra torpaqlarımızdakı bütün erməni vandalizminin qurbanı olan digər tarixi abidələrimiz kimi İsa bulağı da illərdir, əsarət altında idi. 2020-ci il noyabr ayının 8 - də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz öz şücaəti ilə Şuşa şəhərini işğaldan azad etdi. Vətən müharibəsindən sonra şəhərdə aparılan yenidənqurma tədbirləri nəticəsində İsa bulağı yenidən bərpa olundu.