CƏMİYYƏT
İsaq Novruzov: Prezident İlham Əliyevin Gürcüstan əsilli iş adamını təltif etməsi bütün soydaşlarımıza verdiyi yüksək qiymətin əyani sübutudur
Tbilisi, 18 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan əsilli iş adamı Vaqif Məmişovu “Dostluq” ordeni ilə təltif etməsi bütün soydaşlarımıza verdiyi yüksək qiymətin əyani sübutudur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov söyləyib.
İ.Novruzov deyib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Sevinirik ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirir. Azərbaycan Prezidentinin göstərişlərinə əsasən soydaşlarımıza mütəmadi olaraq müxtəlif yardımlar göstərilir. Gürcüstanda məktəblər, idman və mədəniyyət kompleksləri tikilib istifadəyə verilir. Gürcüstan əsilli iş adamı Vaqif Məmişovun “Dostluq” ordeni ilə təltif edilməsi sevincimizi ikiqat artırır. Biz bu mükafatı yüksək qiymətləndiririk”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu addımı, diqqət və qayğısı Azərbaycandan kənarda yaşayan, işləyən diaspor təşkilatlarını, ayrı-ayrı insanların Vətənə bağlılığını daha da artıracaq, onları daha çox işləməyə, milli birliyimizi möhkəmləndirməyə sövq edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi