CƏMİYYƏT
İşğal olunmuş ərazilərimizdə tarixi-mədəni abidələrimizin dağıdılması ilə bağlı seminar keçirilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Tətbiqi Tədqiqatlar Fondu (TTF) “Strategiya.az” saytı ilə birgə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” mövzusunda seminar təşkil edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, seminar TTF-in Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri” mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində keçirilib.
“Strategiya.az” saytının baş redaktoru İbrahim Əliyev tədbirdə çıxış edərək bildirib ki, xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkə həyatının bütün sahələri ilə yanaşı, milli mədəniyyətimizə də ciddi zərbə vurub. İşğal altındakı ərazilərimizdə tarixi-mədəni abidələrimiz vəhşicəsinə dağıdılıb, mahiyyəti dəyişdirilib, tarixi saxtalaşdırılıb. Bu məsələnin diqqətdə saxlanılması və dünya ictimaiyyətinə çatdırılması ən vacib məsələlərdən biridir.
Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, fəlsəfə doktoru Azad Zeynalov, Azərbaycan İstiqlal Muzeyinin şöbə müdiri Sədi Mirseyibli mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Tədbirdə işğal altındakı ərazilərimizdə erməni vandalizmi nəticəsində dağıdılmış mədəniyyət abidələrimizin görüntüləri nümayiş etdirilib. Bu vəhşiliklərin Azərbaycan xalqının izini, tarixini silmək, mənfur ermənilərin tarixi torpaqlarımıza əsassız iddialarına haqq qazandırmaq məqsədi güddüyü vurğulanıb. Məhz buna görə də bu məsələnin dünya ictimaiyyətinin diqqətinə çatdırılaraq, ermənilərin çirkin niyyətlərinin və vəhşiliklərinin ifşa edilməsinin günün əsas tələbi olduğu vurğulanıb.