REGİONLAR
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində son tamamlanma işləri aparılır
Qazax, 8 sentyabr, AZƏRTAC
Son illər Prezident İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər Qazaxda da uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması da bunun əyani sübutudur. Bu, Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə olan qayğının daha bir bariz nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir. Əsaslı təmirinə ötən il iyul ayının ortalarından başlanılan məktəbdə son tamamlanma işləri aparılır. Məktəbin ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.
Məktəbin həyətində girişdə Vətən uğrunda canından keçən Kosalar kəndindən olan şəhidlərin xatirəsini əbədiləşdirən abidə yerləşir. Həmçinin burada Xalq yazıçısı İsmayıl Şıxlının büstü də qoyulacaq.
Birinci mərtəbədə 10 sinif otağı, kimya və laboratoriya otağı, hərbi sinif otağı, qarderob yerləşir. İkinci mərtəbədə sinif otağlarının sayı 8-dir. Burada fizika və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir. Qeyd edək ki, hər mərtəbədə müəllim və şagirdlər üçün ayrıca sanitar qovşaq var.
İkinci korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə otağı, oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı, xarici dil müəllimlərinin otağı, arxiv var. Həmçinin məktəb binası daimi isti və soyuq su, elektrik və istilik sistemi ilə təmin edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb.
Məktəbin arxa tərəfində iki böyük idman meydançası diqqəti cəlb edir. Müasir standartlara cavab verən yeni məktəbdə futbol və basketbol meydançası yaradılıb. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq arxa hissədə məktəbin həyətində əlavə olaraq güləş zalı da tikilib. Bundan başqa, məktəb binasının arxa hissəsində hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, 1 ədəd içməli su hovuzu, nasosxana, qazanxana və sanitar qovşaqları da inşa edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub.
Məktəbdə 608 nəfər şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 59 nəfər müəllim məşğul olacaq.