REGİONLAR
İsmayıllıda 48 ailəyə yeni mənzilin açarları təqdim olunub
İsmayıllı, 21 aprel, AZƏRTAC
İsmayıllı şəhərindəki Xurşidbanu Natəvan küçəsində yeni tikilən 48 mənzilli dördmərtəbəli ictimai yaşayış binasında yerləşən mənzillərin açarları aprelin 21-də sahiblərinə təqdim olunub.
AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, yaşayış binası Prezident İlham Əliyevin 2018-ci il 27 avqust tarixli Sərəncamına əsasən inşa edilib. Bina şəhərin Mübariz Orucov küçəsində yerləşən birmərtəbəli, çoxmənzilli dörd bina, Heydər Əliyev prospektində isə ikimərtəbəli, çoxmənzilli üç bina olmaqla, ötən əsrin ortalarında tikilən istismar müddəti başa çatan binalarda yaşayan sakinlər üçün nəzərdə tutulmuşdu.
Karantin qaydaları gözlənilməklə yeni mənzillərin açarlarının təqdim olunma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov COVID-19 təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejiminin iqtisadiyyatımıza vurduğu zərərə, ölkəmizin tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən yeni çıxmasına baxmayaraq, İsmayıllı rayonunda da nəzərdə tutulan sosial layihələrin uğurla davam etdirildiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün nəinki imtiyazlı ailələrin, sadə vətəndaşların da mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstifadəyə verilən yeni ictimai yaşayış binası məhz bu qayğının parlaq nəticəsidir. Yeni mənzil alan ailə başçıları dövlət başçısının onlara göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər. Yeni mənzilin açarını yenicə alan Nərgiz Fərzəliyeva AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Ailəmizin 4 üzvü var. Oğlum rəhmətə gedib, gəlinim və 2 nəvəmlə yaşadığım mənzilin şəraiti çox pis idi. Prezidentimizə ailəmiz adından çox-çox minnətdaram. Bu gün yeni mənzilə köçürük”. Qeyd edək ki, iki blokdan ibarət yeni binaya köçən sakinlərə əvvəlki yaşadıqları mənzillərin kvadratmetrindən çox sahəsi olan mənzillər verilib. Bina sanitar qovşaqlarla, elektrik enerjisi və təbii qazla təmin edilib.
İctimai yaşayış evi “İsmayıllı Tikinti-27” ASC tərəfindən inşa olunub.