REGİONLAR
İsmayıllıda “Açıq hökumətin təşviqində ASAN idarəçilik” mövzusunda tədbir keçirilib
İsmayıllı, 21 dekabr, AZƏRTAC
“Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İsmayıllıda “Açıq hökumətin təşviqində ASAN idarəçilik” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına dair təşəbbüslərdə ASAN idarəçiliyin təbliği layihəsinin əsas mahiyyəti barədə məlumat verib. A.Sarıyev tədbirdə Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi kimi məsələlərin müzakirə olunacağını bildirib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında qeyd edib ki, İsmayıllı rayonu 2017-ci ildən tam özünümaliyyələşdirmə sisteminə keçəcək. İcra hakimiyyətinin başçısı bu istiqamətdə yeni iş yerlərinin yaradılması, sənaye və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.
Gənclər Mərkəzinin direktoru, layihənin eksperti Kənan Quluzadə, dövlət qulluğu veteranı Valeh Salehov, İsmayıllı rayon İctimai Nəzarət Şurasının üzvü Elçin Məmmədov Açıq hökumətin təşviqində ASAN idarəçiliyin üstünlüklərini diqqətə çatdırıblar.
Tədbirdə korrupsiyaya qarşı mübarizə ilə bağlı mövcud qanunvericiliyin təbliği, mübarizə tədbirlərinin optimallaşdırılması barədə maarifləndirici söhbətlər aparılıb.