REGİONLAR
İsmayıllıda Beynəlxalq Gənclər Günü qeyd olunub
İsmayıllı, 9 avqust, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək dövlət-gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan gənclərinin beynəlxalq arenada qazandıqları nüfuzdan danışıblar. Çıxışlarda, habelə İsmayıllı gənclərinin təhsildə, idmanda, rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal qüvvə olduğu diqqətə çatdırılıb.
Veteran jurnalist Lətifə Əliyeva, Əməkdar müəllim Ramiz Baloğlanov, Peşə Tədrisi Mərkəzinin direktoru Zaur Muradov gəncləri təbrik edərək, onlara uğurlar arzulayıblar.
Bayram tədbirində intellektual oyunlar və bilik yarışları keçirilib. Qaliblər rayon Gənclər və İdman İdarəsinin hədiyyələri ilə mükafatlandırılıb. Üç könüllüyə sertifikat, bir qrup fəal gəncə isə fəxri fərman verilib.
Mərasim regional mədəniyyət mərkəzinin hazırladığı bədii proqramla davam edib.