REGİONLAR
İsmayıllıda SHXÇDX–nin yaranmasının 8 illiyi qeyd olunub
İsmayıllı, 13 fevral, AZƏRTAC
İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının səkkiz illiyi təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xidmətin rayon şöbəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir rayon icra hakimiyyətinin konfrans zalında davam etdirilib. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov SHXÇDX rayon şöbəsinin əməkdaşlarını təşkilatın yaranmasının səkkizinci ildönümü münasibətilə təbrik edib, gənclərin orduya hazırlanmasında, vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsində, hərbi peşələrin, hərb tarixinin gənclərə öyrədilməsində və təbliğində onlara uğurlar arzulayıb.
SHXÇDX rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əfran Nəbiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 8 illiyi ilə əlaqədar məruzə edib. Məruzəçi qurumun yarandığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Azərbaycan Respublikasına, Azərbaycan xalqına, hərbi anda sədaqət hissinin, öz vətəninin tarixinə və ənənələrinə dərin məhəbbətin, vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılmasında göstərdiyi xidmətlərdən danışıb.
İstefada olan polkovnik Əlaləm Babayev, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, Rayon məhkəməsinin sədri Rəfael Şirinov, rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov Xidmətin əməkdaşlarını təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar arzulayıblar.
Sonra iki əməkdaşa Dövlət Xidmətinin fəxri fərmanı, bir nəfərə təşəkkürnamə təqdim olunub.
Sonda bir qrup əməkdaşa rayon icra hakimiyyətinin və SHXÇDX rayon şöbəsinin fəxri fərmanı və pul mükafatı verilib.