REGİONLAR
İsmayıllıda əmək yarmarkası keçirilib
İsmayıllı, 30 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin İsmayıllı rayon Məşğulluq Mərkəzi rayon icra hakimiyyətinin dəstəyi ilə yanvarın 30-da növbəti əmək yarmarkası keçirib. Peşə Tədris Mərkəzində təşkil olunan əmək yarmarkasında idarə, müəssisə və təşkilat rəhbərləri, iş adamları və işaxtaran vətəndaşlar olmaqla, 550 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmək yarmarkasında rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla iş sektorunun müdiri Nəcəf Məhərrəmov çıxış edərək əhalinin məşğulluğu istiqamətində həyata keçirilən dövlət siyasətindən, görülən layihələrdən danışıb, yarmarkanın işinə uğurlar arzulayıblar.
Tədbirdə işsiz və işaxtaran vətəndaşlara özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib.
Əmək yarmarkasına 53 idarə, müəssisə, təşkilat və sahibkarlar tərəfindən 278 boş iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlərdən 33-ü dövlət, 15-i qeyri-dövlət, 5-i isə fiziki şəxs olub. Əmək yarmarkasına çıxarılan boş iş yerlərindən 179-u fəhlə, 83-ü qulluqçu, 16-ı isə xidmət sahələridir.
Təqdim olunan boş iş yerlərinə 72 nəfər qeyri-məşğul vətəndaş üçün göndəriş verilib. Onlardan 62 nəfəri dövlət, 10 nəfəri isə özəl iş yerlərinə göndərilib. Təqdim edilən boş iş yerlərində əməkhaqqı 250 manatdan 650 manatadəkdir.
Yarmarkada 45 nəfər peşə təlimi kursuna göndərilmək üçün müraciət edib.