REGİONLAR
İsmayıllıda gənclərin peşə yönümlü işlərə cəlb edilməsi sahəsində genişmiqyaslı işlər görüləcək
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə İsmayıllıda 6 regiondan olan 250-dən çox gəncin iştirak etdiyi “İsmayıllı Regional Gənclərin II İnkişaf Forumu” keçirilib. Forum “Gələcək Naminə” İctimai Birliyin, Azərbaycan Qadın Sahibkarlıların İnkişafı Assosiasiyasının və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri düzülüb. Daha sonra İsmayıllı Regional Mədəniyyət evinin foyesində Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Gənclərin əl işləri qonaqların marağına səbəb olub.
Forumdan öncə “Gələcək Naminə” İctimai Birliyi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi ilə üçtərəfli anlaşma memorandumu imzalanıb. Memorandumun şərtlərinə əsasən, məqsəd regionda sahibkarlığın təşviqi, gənclərin peşə yönümlü layihələrə cəlb edilməsi və onların peşəkar karyera inkişafına dəstək olmaqdır. Razılaşmaya əsasən növbəti aydan artıq bu sahədə genişmiqyaslı işlər görüləcək.
Dövlət Himni səsləndirildikdən sonra forumun rəsmi hissəsi açıq elan edilib və forumun I panel sessiyası öz işinə başlayıb.
Panel sessiyada “Dövlət Gənclər siyasəti və gənclərə regionlarda yaradılmış şərait” mövzusunda geniş müzakirələr aparılıb. Spikerlər Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Mikayıl Tağızadə və “ASAN xidmət”in əməkdaşı Həsənxan Həsənxanlının çıxışlarından sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
İkinci panel “Gənclərin inkişafında sahibkarlıq” mövzusunda maraqlı müzakirələrlə davam edib. İkinci paneldə Rəvan Cəfərlinin moderator və spikerliyi ilə müzakirələr təşkil olunub.
Bununla da forum öz işinə yekun vurub.