CƏMİYYƏT


İsmayıllıda istehsalat müəssisəsindən dəfələrlə oğurluq edən dəstə yaxalanıb

Bakı, 16 fevral, AZƏRTAC 

İsmayıllı Rayon Polis Şöbəsinə (RPŞ) rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin birindən fevralın 12-də daxil olmuş müraciətdə ilin yekunu ilə əlaqədar müəssisədə keçirilmiş yoxlamalar zamanı ümumi dəyəri 75 min manatdan artıq müxtəlif qurğuların ötən il ərzində oğurlandığı barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin hadisəni törədən şəxslərin Göyçay rayonunun Qarayazı kənd sakinləri Əkbər Talıbov, onun qohumu Məhəmməd Talıbov, həmkəndliləri Səfa Abbasov və İsmayıllı rayonunun Kürdmaşı kənd sakini Hüseyn Cəbiyev şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında aparılan araşdırmalarla Ə.Talıbov və S.Abbasovun ötən ilin aprel, may və dekabr aylarında həmin müəssisənin anbarına beş dəfə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 12 min manata yaxın müxtəlif su qurğularını, eləcə də digər metal tərkibli əşyaları oğurladıqları müəyyən edilib.

Bundan əlavə Ə.Talıbov, S.Abbasov və H.Cəbiyev əvvəlcədən bir qrup şəxs halında birləşərək 2018-ci ilin noyabrında həmin zavoda qanunsuz daxil olaraq bu dəfə oradan 16 min manat dəyərində mis metal tərkibli qurğuları oğurladıqları məlum olub. Şübhəli şəxs qismində saxlanılan şəxslərin ətraflarında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qohumlar Ə.Talıbov, M.Talıbov və həmkəndliləri S.Abbasovun bu il yanvarın 1-də həmin müəssisədən 16500 manat dəyərində oğurluq etdikləri üzə çıxıb. Onlar oğurladıqları əşyaları metaləritmə zavodlarına veriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.