REGİONLAR
İsmayıllıda koronavirus pandemiyasına qarşı reydlər keçirilir
İsmayıllı, 8 mart, AZƏRTAC
İsmayıllı rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət-profilaktik və maarifləndirmə tədbirləri, eləcə də qoruyucu tibbi maskaların paylanması, yaş həddinə uyğun icazəsi olan sakinlərin vaksinasiyaya cəlb olunması, eyni zamanda, quş qripinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçirilən reydlərdə İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və digər obyektlərdə, sakinlərin sıx toplaşdığı yerlərdə, eləcə də bazar ətrafında əhaliyə karantin qaydaları və 50 yaşdan yuxarı insanlara vaksinasiyaya cəlb olunma qaydaları izah edilib, maarifləndirmə işləri aparılıb, 500 ədəd tibbi maska paylanılıb. Eyni zamanda, diri quşların pərakəndə satışı qadağan edilib. Reyd və aksiya rayonda yaradılan mobil qruplar, Qida Təhlükəsizliyi, İsmayıllı DAİM-in Baytarlıq şöbəsinin və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Bu tədbirlər qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də icra olunur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiya yaş həddi və müvafiq kateqoriyalar əsasında mərhələli şəkildə reallaşdırılır.