REGİONLAR


İsmayıllıda şəhid Ağahüseyn Aslanovun xatirəsi anılıb

İsmayıllı, 6 iyun, AZƏRTAC

Ağahüseyn Aslanov 1950-ci il iyunun 3-də İsmayıllı rayonunun Əhən kəndində anadan olub. 1967-ci ildə İsmayıllı şəhər 2 saylı orta məktəbi bitirib. Əvvəlcə politexnik texnikumunda, sonra isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Ayrı-ayrı yerlərdə polis orqanlarında çalışan, polkovnik-leytenant rütbəsinədək yüksələn Ağahüseyn 1990-cı illərin əvvəllərində Qarabağ uğrunda döyüşlərdə erməni qəsbkarlarına qarşı vuruşub. 1994-cü il aprelin 25-də Ağdam cəbhəsində şəhid olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin təhsil aldığı və indi adını daşıdığı 2 saylı tam orta məktəbdə İsmayıllı Rayon İcra Hakimiyyəti və “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə anım mərasimi keçirilib.

Rayon rəhbərliyinin, şəhidin yaxınlarının, ağsaqqalların və gənclərin, məktəblilərin iştirak etdikləri mərasimdə çıxış edən icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, gənclər və idman idarəsinin rəisi Taleh Salehov, təhsil şöbəsinin işçiləri Şəfaqət Rəsulov, Ramiz Baloğlanov, Rəna Mirzəliyeva, peşə tədris mərkəzinin direktoru Zaur Muradov erməni daşnaklarının törətdikləri vəhşiliklərdən, uşaqlara, qadınlara, qocalara - minlərlə günahsız insana qarşı törədilən qətliamlardan, Ağahüseyn Aslanov kimi yüzlərlə vətən övladının şücaətindən, onların şəhidlik zirvəsinədək ucalmasından danışıblar. Əminliklə vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı yerdə qalmayacaq, torpaqlarımız erməni quldurlarından azad ediləcək.

Şəhidin oğlu Namiq Aslanov atasının xatirəsinin əziz tutulduğuna görə rayon icra hakimiyyətinə və İctimai Birliyə təşəkkürünü bildirib.

Mərasimdə məktəblilərin ifasında şəhidlərimizə, vətənimizə həsr olunan şeirlər səsləndirilib. Sonra “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin təşəbbüsü ilə fiziki məhdudiyyətli uşaqların şəhidlərə həsr olunan əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

İctimai Birliyin hazırladığı şəhid Ağahüseyn Aslanovun portreti ailə üzvlərinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.