REGİONLAR
İsmayıllıda şəhidlərin xatirəsinə tikilən abidə kompleksi açılıb
İsmayıllı, 23 sentyabr, AZƏRTAC
İsmayıllı şəhər 3 saylı məktəb liseyin həyətində 1-ci və 2-ci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan 15 məzunun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Abidənin açılışında rayon icra hakimiyyətinin başçısı, təhsil şöbəsinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov ötən il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhidlərin gənclərə nümunə olan qısa, şərəfli həyat yolundan danışıb. Hər iki müharibədə bir məktəbdən 15 məzunun qəhrəmancasına şəhid olduğunu vurğulayan icra başçısı bu qəhrəmanları yetişdirən valideynlərə və müəllimlərə minnətdarlıq edib, məktəbin təhsildə, təlim-tərbiyədə qazandığı uğurlarla görə respublikada ön sıralarda olduğunu bildirib.
Tədbirdə çıxış edən şəhid anaları övladları ilə qürur duyduqlarını bildiriblər. Habelə, qeyd edilib ki, Vətən yolunda şəhadətə yüksələn qəhrəmanlar gələcək nəsillər üçün örnəkdir.
Sonra məktəblilər hazırladıqları kompozisiyanı təqdim ediblər.
Sonda tədbir iştirakçıları məktəbdə şəhid müəllim Famil Əhmədzadənin yaratdığı tarix muzeyinə baxış keçiriblər.
Qeyd edək ki, şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksində 1-ci və 2-ci Qarabağ müharibələrində məktəbin məzunları olan 15 qəhrəman şəhidin rəsmi vurulub. Kompleksdə, habelə şəhidlər haqqında məlumatları əks etdirən monitor quraşdırılıb.