REGİONLAR
İsmayıllıda üzüm plantasiyalarından ötən illə müqayisədə daha çox məhsul götürülüb
İsmayıllı, 14 noyabr, AZƏRTAC
İsmayıllı rayonunun üzümçüləri məhsul yığımı kampaniyasını müvəffəqiyyətlə başa çatdırıblar. Plantasiyalardan 2560 ton məhsul götürülüb ki, bu da ötənilki göstəricidən 440 ton çoxdur.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda İsmayıllıda 1090 hektar üzüm bağı var. Bunun 888,2 hektarı bar verəndir. Plantasiyalar əsasən Kürdmaşı, Hacıhətəmli, Mollaisaqlı, Qalınçaq ərazi vahidlərinin sahələrindədir. İlkin olaraq avqustun əvvəllərində tez yetişən “Kardinal”, “Prima” süfrə sortları yığılıb. Hər hektardan 50-60 sentner süfrə üzümü götürən sahibkarlar məhsulu rayon, habelə Bakı bazarlarında satıblar. Texniki sortlar isə emal müəssisələrinə təhvil verilib.
Qeyd edək ki, üzümçülüklə məşğul olan bəzi müəssisələrə və sahibkarlara məxsus bağlardan yüksək məhsuldarlıq əldə edilib. Belə ki, sahibkar Mirsəməd Cəfərova məxsus 16,5 hektar bağdan 90 sentner üzüm götürülüb. 114 hektar sahədən 622 ton üzüm istehsalı edən “Aspiland” MMC-də isə məhsuldarlıq 54 sentnerə çatıb.