SİYASƏT


İspan mediası Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi barədə yazıb

Madrid, 5 oktyabr, AZƏRTAC

İspaniyanın EFE informasiya agentliyi, “SWI swissinfo.ch” xəbər və informasiya onlayn-xidmətinin ispandili versiyası (İsveçrə İctimai Yayım Korporasiyasının (SRG SSR) beynəlxalq onlayn platforması, MSN xəbər portalında “Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlar – sağalmayan yara” sərlövhəli məqalə dərc ediblər.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 2020-ci ildə işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində bu yaxınlarda üç kütləvi məzarlığın aşkar edilməsinin Qarabağda birinci müharibə zamanı itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi ilə bağlı uzunmüddətli prosesdə daha bir addım olduğu qeyd edilib.

Azərbaycanın Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Tibbi məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova EFE-nin jurnalisti ilə söhbətində deyib ki, üç kütləvi məzarlıqda hərbçilərə aid olduğu ehtimal edilən 18 cəsəd aşkar edilib. İnformasiyalarda N.Hüseynovanın fikirlərinə istinadla qeyd olunur: “Ekspertizanın rəyindən sonra bu insanların taleyi ilə bağlı daha dəqiq təsəvvürümüz olacaq”. Həmçinin vurğulanır ki, bu ilin fevralında Edillidə mülki şəxslərə aid olduğu ehtimal edilən 7 nəfərin qalıqları aşkarlanıb, onların identifikasiyası prosesi hələ başa çatmayıb.

İspandilli nəşrlər, eyni zamanda, yazırlar ki, Xocavənd rayonunun Edilli kəndi Vətən müharibəsində demək olar 30 ildən sonra erməni işğalından azad edilib.

EFE agentliyinin materialında diqqətə çatdırılır ki, Azərbaycan ilə Ermənistan arasında münaqişənin yekun həlli çərçivəsində o cümlədən itkin düşmüş insanların taleyinin müəyyən edilməsi də daxil olmaqla, humanitar məsələlərin həlli mexanizmləri müəyyənləşdirilməlidir.

Qeyd olunur ki, əsir düşmüş, girov götürülmüş və itkin hesab edilmiş insanların siyahısına daxil olunan vətəndaşların axtarışı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə aparılır.

Azərbaycanın əsir düşmüş, girov götürülmüş və itkin düşmüş vətəndaşların işləri üzrə işçi qrupunun baş müşaviri Namiq Əfəndiyev bildirib ki, itkin düşmüş insanların axtarışı – Birinci Qarabağ müharibəsindən geri dönməyi bacaran azərbaycanlı hərbi əsirlər və girovların ifadələrinə əsaslanır və bu, çətin işdir.

“Şahid ifadələri və digər məlumat əsasında müəyyən olunub ki, Birinci Qarabağ müharibəsi zamanı əsirlər və girovlar ətraf ərazilərdən Edilliyə gətirilmişdi. Burada yerləşən bölüşdürücü məntəqədən onlar daha sonra Qarabağın digər rayonlarına və Ermənistana göndərilirdi. Ermənilər şəhərdə qalan hərbi əsirləri yol təmirində işləməyə məcbur edirdilər. Təmir işlərində isə münaqişə zamanı dağılmış azərbaycanlı evlərinin daşlarından istifadə olunurdu”, - deyə N.Əfəndiyev qeyd edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.