İDMAN
İspaniya La Liqası: “Barselona” – “Real Madrid” oyunu keçirilir
Bakı, 28 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 28-də dünyada böyük maraq doğuran “Barselona” – “Real Madrid” matçı başlayıb.
AZƏRTAC xəbər verir ki, “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde start “11-də” Mark Ter Şteqen, Sexio Roberto, Lengıet, Jordi Alba, Serxio Busqets, Artur, İvan Rakitiç, Rafinya, Luis Suares, Filip Koutinyo yer verib.
“Real Madrid” klubunun əsas heyətində isə Tibo Kurtua, Rafael Varan, Naço Fernandez, Serxio Ramos, Marselo, Luka Modriç, Kazemiro, Toni Kros, Qarer Beyl, Kərim Benzema və İsko yer alıblar.
Görüş “CBC Sport” kanalında canlı yayımlanır.
Qeyd edək ki, “El Klasiko” adlandırılan bu matç son 11 ildə ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo olmadan keçirilir. Argentinalı zədəlidir, portuqaliyalı isə bu mövsümdə “Yuventus”a transfer olub. Bununla belə, görüşə maraq azalmayıb. Oyun Bakı vaxtı ilə saat 19:15-də “Nou Kamp” stadionunda başlayıb.
Xatırladaq ki, son yüz ildə bu iki komanda rəsmi turnirlərdə 237 dəfə üz-üzə gəlib. Bu oyunların 95-də “Real Madrid”, 93-də isə "Barselona” qələbə qazanıb. Vurulan qolların nisbəti də “Kral klubu”nun xeyrinədir - 401:387.
“Barselona” klubu 1 milyard 200 milyon avro ilə dünyada ən bahalı futbol komandası hesab edilir. “Real Madrid” isə 969 milyon avro ilə Katalonya təmsilçisindən sonra bu göstəriciyə görə ikinci yeri tutur. İki komandanın oyunçularının hazırkı bazar qiyməti, ümumilikdə, 2 milyard 169 milyon avrodur.
“Real Madrid”in ən qiymətli futbolçusu uelslı Qaret Beyldir (90 milyon avro). Fransalı Rafayel Varan və alman Toni Kros 80 milyon avro ilə ikinci sırada yer alıblar. Sonrakı yerlərdə ispaniyalı futbolçu İsko (75 milyon), hücumçu Marko Asensio (75 milyon avro) qərarlaşıb.
İki komandanın heyətindəki oyunçular arasında isə ən bahalı futbolçu “Barselona”nın argentinalı ulduzu Lionel Messidir. O, 180 milyon avro dəyəri ilə siyahının zirvəsində yer alır. Braziliyalı hücuma meylli yarımmüdafiəçi Filip Koutinyo 120 milyon ikinci, Luis Suarez ilə Samuel Umtiti 90 milyon avro dəyəri ilə üçüncü və dördüncü yerdədirlər.
“Real Madrid” bugünkü oyunda qalib gələcəyi təqdirdə, “Barselona” ilə arasındakı xal fərqini birə endirəcək.