SİYASƏT
İspaniya mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonuna daxil olması barədə yazır
Madrid, 25 noyabr, AZƏRTAC
İspaniyanın EFE informasiya agentliyi, ölkənin qocaman qəzetlərindən biri olan “La Vanguardia”, həmçinin Latın Amerikasının “Diariolibre” onlayn nəşri Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonuna daxil olması barədə xəbər dərc ediblər.
AZƏRTAC xəbər verir ki, nəşrlər bundan əvvəl ermənilərin Kəlbəcərdən çıxarılması tarixinin 10 gün – noyabrın 15-dən 25-dək uzadılmasına Azərbaycan hakimiyyətinin razılıq verməsini qeyd edirlər.
İspan mətbuatı diqqətə çatdırır ki, 44 günlük müharibə Ermənistanda ciddi siyasi böhran yaradıb, ölkədə hökumətin istefası tələbi ilə iki həftədir etiraz aksiyaları keçirilir.
İspan KİV-ləri, ötən cümə günü – noyabrın 20-də Azərbaycan Ordusunun Ağdam rayonuna – regionda döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmaya uyğun olaraq, Azərbaycana qaytarılan daha bir əraziyə daxil olmaları barədə yazıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid