İQTİSADİYYAT
İspaniya şirkəti Azərbaycanda irriqasiya sisteminin yenidən qurulmasında iştirak edir
Madrid, 19 dekabr, AZƏRTAC
İspaniyanın “İngeobras” şirkəti Azərbaycanda 10 min hektar suvarılan torpaqların irriqasiya sisteminin yenidən qurulmasına dair mühəndis layihəsi hazırlayıb. Bu barədə www.heraldo.es portalı məlumat verir.
Məqalədə deyilir ki, neft istehsalçısı olan Azərbaycan dünyada neftin qiymətinin ucuzlaşması fonunda iqtisadiyyatının şaxələndirilməsinə xüsusi əhəmiyyət verir.
“İngeobras” şirkətinin Azərbaycanda həyata keçirilən və dəyəri 90 milyon dollar olan böyük layihə üzrə tenderi qazanması böyük uğur kimi qiymətləndirilir. Şirkətin baş direktoru Xoakim Murria deyib ki, bu onların Azərbaycanda ilk işi deyil. “Biz əvvəllər də bu respublikada üç süni göl yaratmışıq. Bu isə çox irihəcmli layihədir: 10 min hektar sahəni əhatə edir və saatda 21 min kubmetr su sərfiyyatını nəzərdə tutur”.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid