DÜNYA
İsrail Birləşmiş Ərəb Əmirliklərinə ilk səfirini təyin edib
Qahirə, 26 iyul, AZƏRTAC
Amir Hayek İsrail Dövlətinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk səfiri olacaq.
AZƏRTAC xəbər verir ki, bu məlumatı İsrailin xarici işlər naziri Yair Lapid açıqlayıb. O əlavə edib ki, Körfəzin ən mühüm ərəb ölkələrindən biri olan BƏƏ ilə diplomatik münasibətlərin tam bərpa olunması hər iki dövlətin maraqlarına xidmət edir. İsrailin BƏƏ-də ilk diplomatı İsrail Turizm Assosiasiyasının sədridir.
Xatırladaq ki, iyulun 14-də BƏƏ-nin İsrailə təyin olunmuş birinci səfiri Məhəmməd əl-Xacə də etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib. Əmirliklər Körfəzin ərəb dövlətləri arasında Təl-Əvivdə diplomatik nümayəndəlik açan ilk ölkə olub. Yaxın vaxtlarda Bəhreyn Krallığı da İsraildə səfirliyini açacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə