SİYASƏT


İsraildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü qeyd olunmuşdur

Bakı, 14 oktyabr (AZƏRTAC). İsrailin şimal paytaxtı - Xayfada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil edilmişdir.

DİDK-dən AZƏRTAC-a bildirmişlər ki, İsraildə yaşayan həmvətənlərimizin iştirak etdiyi tədbirin keçirildiyi “Auditorium” Konqresinin foyesində Frida Yusupovanın azərbaycanlıların və dağ yəhudilərinin məişəti və xalq sənətinə həsr olunmuş geniş etnoqrafik sərgi təşkil edilmişdir.

Azərbaycan xalçaları, milli geyim, qab-qacaq nümunələri ziyarətçilərdə zəngin sərvəti ilə məşhur olan Azərbaycan torpağı haqqında xatirələri təzələmişdir. Azərbaycan rəssamlarının Abşeron, Quba, Qusar və respublikanın digər rayonlarından mənzərə rəsmləri qonaqların keçirdikləri nostalji hisslərini bir qədər də artırmışdır.

Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Robert İlatov Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbrik etmişdir. “Azərbaycan xalqı müstəqillik illərində qazandığı nailiyyətləri ilə fəxr edə bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi və geoiqtisadi lideridir”, - deyə R.İlatov vurğulamışdır. İsrailli deputat Azərbaycanda həmişə mövcud olmuş tolerantlıqla qürur duyduğunu bəyan etmişdir. R.İlatov demişdir ki, Azərbaycan və İsrail arasında ticarət dövriyyəsinin həcmi əməkdaşlığımızın bariz sübutudur.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətini üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi barədə məlumat vermişdir. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində diasporun xüsusi rolundan danışan Y.Salman qeyd etmişdir ki, fəaliyyət göstərdiyi dörd il ərzində “Azİz”in Azərbaycanın İsrail dövlətində təbliğ olunmasında mühüm rol oynamışdır. Bu işdə 17-cı çağırış Knessetin deputatı, bir qədər əvvəl İsrailin Belarusdakı səfiri vəzifəsinə təyin olunmuş İosif Şaqalın xüsusi xidmətləri olmuşdur. Onun sözlərinə görə, 20 il tarixi nöqteyi-nəzərdən elə də böyük dövr olmasa da, bu qısa müddət ərzində Azərbaycan mühüm nailiyyətlər əldə etmiş və Cənubi Qafqazın əsl lideri olmuşdur.

İosif Şaqal və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Əşrəf Hüseynov da Bakı və Azərbaycana olan məhəbbətdən danışmışlar.

“Azİz”-in baş direktoru Lev Spivak isə “Şelomi” Mədəniyyət Mərkəzinə və “Mirvori” Nəşriyyat Evinə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş İsrailin estrada təmsilçilərinin Azərbaycan dilində ifa etdikləri mahnılardan ibarət diskinin hazırlanmasında göstərdikləri köməyə görə təşəkkürünü bildirmişdir.

Tədbirdə İsrailin Azərbaycan mənşəli incəsənət xadimləri Tomer Əliyev, Liora Safonova, Tami Davidova, Manuel İsakov, Beni Avşalumov, İfraim Yuxayev çıxış etmişlər. Səsləndirilmiş Azərbaycan musiqisinin gözəl nümunələri iştirakçıları heyran etmişdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.