CƏMİYYƏT
İşsiz vətəndaşların özünüməşğulluq fəaliyyəti üzrə hazırladıqları biznes-planların qiymətləndirilməsinə başlanılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən özünüməşğulluq proqramı üzrə təşkil olunan təlim kurslarını başa çatdıran işaxtaran və işsiz vətəndaşların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesinə başlanılıb. Qiymətləndirmə prosesi ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, ötən dövrdə məqsədyönlü işlər aparılıb. Artıq özünüməşğulluq proqramı üzrə təlimçilər hazırlanıb. Onlar özünüməşğulluq proqramında iştirak etmək məqsədilə müraciət edən vətəndaşlar üçün ikiaylıq təlim kursları keçirlər. Təlim kursu müddətində iştirakçılar özünüməşğulluq fəaliyyəti üçün seçdikləri sahələr üzrə biznes-plan hazırlamalıdırlar. İndiyədək 52 rayon və şəhər üzrə 71 qrup tərkibində 997 nəfər bu kurslara cəlb olunub. Hazırda müsahibə əsasında təlim kurslarına cəlb ediləcək şəxslərin seçilməsi və onlar üçün təlimlərin təşkili işləri davam etdirilir.
Bildirilib ki, təlim kurslarına cəlb olunmuş vətəndaşlardan 271 nəfəri artıq təlim kurslarını başa vurublar. İki gün davam edəcək ilk qiymətləndirmədə də kursları yekunlaşdırmış həmin 271 nəfərdən 8 rayona (Ağcabədi, Bərdə, Beyləqan, Laçın, Hacıqabul, Salyan, Tərtər, Xocavənd) aid 12 qrup üzrə 153 nəfər öz biznes-planlarını müdafiə edəcək. Hazırlanmış biznes-planların 84,4 faizi kənd təsərrüfatı, 9,1 faizi xidmət, qalanları isə digər fəaliyyət sahələrini əhatə edir. Biznes-planların biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında qiymətləndirilməsi nəzərdə tutulub.
Biznes-planları qiymətləndirmə prosesindən uğurla keçmiş vətəndaşların özünüməşğulluq fəaliyyətinin mal və materiallar formasında dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılacaq. Ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də onların özünüməşğulluq fəaliyyəti mütəmadi monitorinqlər vasitəsilə izləniləcək. Onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün müvafiq məsləhətlər, tövsiyələr veriləcək. Təlim kurslarını bitirmiş digər şəxslərin də biznes-planlarının müəyyən olunmuş vaxtlarda qiymətləndirilməsi təmin olunacaq.
Biznes-planlarını təqdim edən vətəndaşlar onlara öz ailə təsərrüfatlarını qurmaları üçün belə bir imkan yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar qiymətləndirmə prosesinə hazır olduqlarını və biznes-planlarını bacarıqla müdafiə edərək gələcəkdə uğurlu ailə biznesi quracaqlarına əmin olduqlarını vurğulayıblar.