SİYASƏT
İstanbulda Azərbaycan Ordusuna dəstək və Ermənistan tərəfindən törədilən təxribatlara etiraz məqsədilə aksiya keçirilib VİDEO
İstanbul, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də İstanbulun Taksim meydanında Azərbaycan Ordusuna dəstək və son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlara etiraz məqsədilə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində mediaya açıqlama verilib.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlunun imzası ilə yayımlanan açıqlamada deyilir: “Son zamanlar Ermənistanın nümayiş etdirdiyi təcavüzkar siyasətin səbəb olduğu hadisələr Azərbaycan Ordusunun 80 əsgərinin şəhid olması ilə nəticələnib. Ermənistan tərəfi də yüzlərlə itki verib. Hücumların Ermənistan tərəfindən başladıldığı bütün dünya ictimaiyyəti tərəfindən açıq şəkildə bilinir və sərhədyanı bölgələrə mina döşəyən təxribat atəşi açan erməni əsgərlərinə qarşı dünya səssizliyini qorumağa davam edir. Azərbaycan Ordusu döyüş qanunları çərçivəsində bu vəziyyətə lazımi cavabı verib.
Dünyanın və bölgənin sülhə ehtiyac duyduğu bu dövrdə Ermənistan məğlub olduğu döyüşdən dərs almaq yerinə yan qüvvələrin təsiri ilə yenidən təxribatlar törətməyə başlayıb. Bu, ağıla və insanlığa uymayan təxribatlar qəbuledilməzdir. Bundan əvvəl olduğu kimi, bundan sonra da bu təxribatlara lazımi cavab veriləcək.
Belə bir dövrdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirləri və birtərəfli mövqeyi qəbuledilməzdir. Azərbaycan torpaqlarını 28 il işğal altında saxlayan Ermənistan tərəfindən çıxış edən, Avropanın ortasında Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlara göz yuman, türk millətinə qarşı ikili standart nümayiş etdirənləri şiddətlə qınayırıq. Bölgədə sülh və sabitliyin yeganə yolu Ermənistanın təcavüzkar siyasətindən əl çəkərək əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməsidir”.
Tədbirdə QHT-lərin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər və digərləri iştirak ediblər.
Aksiyada “Ermənistan, torpaqlarımızı minalamaqdan əl çək!”, “Xocalını unutmadıq, unutmayacağıq!”, “Azərbaycan sülh, Ermənistan isə müharibə istəyir”, “Xocalının qanı qurumadı” kimi plakatlar qaldırılıb, Ordumuza dəstək şüarları səsləndirilib.
Tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəstəyi ilə baş tutub.
İstanbul