MƏDƏNİYYƏT
İstanbulda UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası işə başlayıb
Bakı, 11 iyul, AZƏRTAC
İstanbulda UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası işə başlayıb. Sessiyada ölkəmizi Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə, nazirliyin tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin baş məsləhətçisi Təranə Qəmbərova, milli ekspert, memar Rizvan Bayramov, həmçinin Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Gülnarə Ağalarova təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin noyabrın 18-də komitəyə üzv seçilən Azərbaycan iclasda qəbul ediləcək qərarlara və müzakirə olunacaq məsələlərə münasibət bildirən əsas ölkələrdən biri olacaqdır.
İyulun 20-dək fasiləsiz davam edəcək sessiya çərçivəsində Ümumdünya İrs Siyahısında qeydiyyata alınan dünya üzrə 1031 bölgədən 156-sının qorunma vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçiriləcək. Təhlükə altında olan Ümumdünya İrs Siyahısına daxil olan bölgələrin mövcud vəziyyəti müzakirə olunacaq və Tentativ Siyahıya baxılacaq.
Ümumdünya İrs Siyahısına 29 yeni nominasiya faylı təqdim edilib. Sessiyaya üzv və tərəfdaş dövlətlərin nümayəndələri, UNESCO-nun yüksək səviyyəli rəhbərləri, UNESCO məşvərətçi orqanlarının bütün rəsmiləri, mədəni və təbii irs üzrə ekspert və akademiklər daxil olmaqla təxminən 2 min iştirakçı dəvət olunub.
Komitənin bu dəfəki sessiyasının ən vacib çağırışlarından biri son illərdə münaqişə regionlarında mədəni irsə qarşı dağıdıcı fəaliyyətlərin pislənilməsi və üzv ölkələrin bu kimi təcavüzkar və vandalizm fəaliyyətlərinin qarşısının alınmasında sıx əməkdaşlıq etməsidir.
Komitənin açılış mərasimində Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş, UNESCO-nun Baş direktoru İrina Bokova, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı və digərləri çıxış edərək mədəni irsin və tarixi abidələrin bəşəriyyətin ən vacib dəyərlərindən olduğunu və onları birlikdə qorumağın əhəmiyyətini qeyd ediblər.