MƏDƏNİYYƏT
İstanbulda başlanan TÜRKSOY-un ənənəvi “Opera Günləri” Antalyada sona çatıb VİDEO
Antalya, 27 sentyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera Günləri” Antalyada başa çatıb.
Azərbaycan görkəmli qırğız sənətçisi, türk dünyasının sevimlisi Bolot Mincılkıyevin əziz xatirəsinə həsr olunan bu ilki “Opera Günləri”ndə Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor), o cümlədən balet cütlüyü Ayan Eyvazova və Anar Mikayılovdan ibarət heyətlə təmsil olunub.
Sentyabrın 15-də İstanbulda start götürən konsertlər sonra Şimali Kiprdə davam etdirilib.
Bundan başqa, TÜRKSOY “Opera Günləri”ndə təmsil olunan sənətçilər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bu il sentyabrın 5-dən 24-dək Antalyada keçirilən 22-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalında da iştirak ediblər.
“Opera Günləri”ndə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarından, Çin və Şimali Kiprdən 24 tanınmış sənətçi təmsil olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya