SİYASƏT
İstanbulun Başakşəhər rayonunda Azərbaycanla bağlı mədəni layihələr həyata keçiriləcək
İstanbul, 5 oktyabr, АZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Başakşəhər rayonunun rəhbəri Kazım Tekin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Kazım Tekin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının Azərbaycanın və Türkiyənin keçmişinə hörmət edən və gələcəyini düşünən hər bir soydaşımız üçün həyat amalı olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük nailiyyətləri diqqətlə izlədiyini bildirən Başakşəhər rayonunun rəhbəri qeyd edib ki, siyasət, sosial-iqtisadi, idman və İslam həmrəyli sahələrində qazanılan uğurlar bütün türk və müsəlman dünyası üçün örnəkdir.
Baş konsul Məsim Hacıyev əminliklə bildirib ki, Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdikləri iqtisadi layihələr ölkələrimizin gücünü daha da artıracaq. Ulu öndər Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi nailiyyətləri Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməlidir.
Görüşdə ölkələrimizin və xalqlarımızın ümumi maraqlarını əks etdirən birgə layihələrin, o cümlədən Azərbaycanla bağlı mədəni tədbirlərin təşkil olunmasına dair səmərəli fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul