MƏDƏNİYYƏT
“İstedArt” mədəni-xeyriyyə layihəsinin ikinci mövsümünün bağlanış mərasimi olacaq
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 11-də İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və YARAT Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “İstedArt” mədəni-xeyriyyə layihəsinin ikinci mövsümü üzrə bağlanış mərasimi keçiriləcək.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, “İncəsənətə ikinci nəfəs” adı ilə “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil ediləcək mərasimdə qonaqlara rəsm əsərləri, keramika və plastilindən hazırlanmış əl işlərindən ibarət sərgi nümayiş olunacaq, həmçinin qədim yunan təmsil ustası Ezopun “Qurdlar və quzular” əsəri əsasında hazırlanmış tamaşa təqdim ediləcək.
Qeyd edək ki, ötən ilin martından etibarən start götürən layihənin məqsədi sağlamlıq imkanları məhdud və ya maddi sıxıntı çəkən uşaqlara incəsənət sahəsində bacarıqlarını aşkarlamaq və inkişaf etdirməkdə dəstək olmaqdır. Layihə Bakı şəhərinin 9 internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum və fiziki məhdudiyyətli, həmçinin Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə olunan uşaqları əhatə edir.
Layihənin ötən ilin mart-iyun aylarında baş tutan birinci mövsümündə 43, oktyabr-yanvar aylarında baş tutan ikinci mövsümündə isə 55 uşaq iştirak edərək rəssamlıq, qrafika, keramika və aktyor sənəti üzrə məşğələlərdə incəsənətin 4 istiqaməti üzrə bilik və bacarıqlara yiyələnib.
Ustad dərsləri ölkəmizin istedadlı sənətkarları tərəfindən İçərişəhərin müxtəlif yaradıcı məkanlarında və “YARAT” Müasir İncəsənət Mərkəzində keçirilib.