CƏMİYYƏT


İstehlak üçün yararsız şokolad məhsulu geri çağırılıb

İstehlak üçün yararsız şokolad məhsulu geri çağırılıb

Bakı, 1 aprel, AZƏRTAC

Avropa İttifaqının “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndən daxil olan məlumata əsasən İspaniya Krallığından Belçika Krallığına ixrac edilmiş badam məhsulunda Aflatoksin B1 və total aflatoksin miqdarının yolverilən həddən yüksək olması qeydə alınıb. Məlumatda Belçikada fəaliyyət göstərən “Kim's Chocolates NV” şirkəti tərəfindən həmin məhsulun xammal olaraq istifadə edildiyi və məhsulun partiya nömrəsi öz əksini tapıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində həmin badam məhsulunun ölkəmizə idxal olunmadığı, lakin xammal olaraq istifadə edildiyi 180 kiloqram şokolad məhsulu partiyasının bu il yanvarın 10-da ölkəyə idxal olunduğu müəyyənləşdirilib.

Bununla əlaqədar olaraq, agentlik tərəfindən dərhal zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 30.1-ci maddəsinin tələbinə əsasən, “Cachet dark orqanik badam və albalı” əmtəə nişanlı (istehsal tarixi 29 oktyabr 2022-ci il və son istifadə tarixi 29 yanvar 2024–cü il olan şokolad məhsulu) həmin partiya məhsulun anbar, bazar, digər satış obyektləri və istehlakçılardan geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb.

Aparılan araşdırma zamanı həmin məhsul partiyasının 99,6 kiloqram anbarda saxlanıldığı, qalan 80,4 kiloqram məhsulun isə satış şəbəkəsinə verildiyi müəyyən olunub. Məhsulun satışının dayandırılması və 80,4 kiloqram məhsulun ticarət obyektlərindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Qida Təhlükəsizliyi Agentliyi istehsal və son istifadə tarixləri qeyd olunan dövrü əhatə edən “Cachet dark orqanik badam və albalı” əmtəə nişanlı şokolad məhsulunun alışını həyata keçirmiş pərakəndə satış subyektlərini məhsulun dərhal geri qaytarılmasını təmin etməyə, istehlakçıları isə həmin məhsulu aşkar etdikdə bu barədə Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat verməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.