İstehsal, istehlak, emal: tullantısız dünya mümkündürmü?
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Hər gün okeana atılan plastik kütlənin miqdarı bir zibildaşıyan maşının həcminə ekvivalentdir. Qida tullantıları isə öz həcminə görə istixana qazları tullantılarının əsas mənbələri arasında üçüncü yeri tutur.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, qurumun Baş Assambleyası martın 30-nu Beynəlxalq Tullantısız Dünya Günü elan etməyi qərara alıb. BMT-də xatırladırlar ki, bu faktlar ətraf mühitin çirklənməsinin miqyasını daha yaxşı anlamağa və təsəvvür etməyə kömək edir.
BMT-nin Baş katibi Antonio Quterreş deyib: “Bu gün ilk dəfə qeyd olunan beynəlxalq tullantısız dünya günü sərt bir həqiqəti bizə xatırladır: bəşəriyyət planetlə zibilxana kimi rəftar edir. Qida məhsullarının təqribən 17 faizi zibilxanalara düşür. Halbuki dünyada 800 milyon insan doyunca qidalanmır.
Elektron tullantıların cəmi 25 faizi təhlükəsiz şəraitdə utilizasiya edilir. Bərk məişət tullantılarının yalnız 55 faizi xüsusi nəzarət olunan müəssisələrdə utilizasiya edilir, digər tərəfdən belə tullantıların həcmi ilbəil artmaqda davam edir. Hazırda belə tullantıların həcmi ildə 2,24 milyard tona bərabərdir. 2050-ci ilə qədər bu göstərici ildə 3,88 milyard tona çata bilər.
Planetimizdə hökm sürən üçqat böhranın tərkib hissələri iqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi və ətraf mühitin çirkləndirilməsidir. Bu böhranda tullantılar sektoru heç də az rol oynamır.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen deyib: “Biz Torpağın sərvətlərini ondan alıb istifadə etmək, sonra qalan hissəni isə sadəcə ətraf mühitə atmaq təcrübəsini davam etdirə bilmərik. Biz qiymətli metalları, resursları və qida məhsullarını sadəcə tullaya bilmərik. Biz Planetə borcluyuq. Bununla belə, dünyada qeyri-bərabərlik artmaqda davam edir”.
Andersen daha sonra deyib: “Tullantılar probleminin həllini tapmaq üçün biz həm elmi, həm də ənənəvi biliklərdən istifadə etməliyik”.
Beynəlxalq Tullantısız Dünya Günü münasibətilə BMT-də istehlakın və istehsalın səmərəli modellərini təklif edir, tullantıların utilizasiya edilməsinin zəruri olmasını xatırladırlar.
Tullantıların azaldılması təşəbbüsləri tullantıların bütün növlərinin səmərəli idarə edilməsinə, nəticə etibarilə ətraf mühitin qorunmasına, ərzaq təhlükəsizliyinin artırılmasına, Planetin əhalisinin sağlamlığının yaxşılaşdırılmasına və firavanlaşmasına sanballı töhfə verməyə şərait yarada bilər.
Quterreş deyib: “Biz yeganə evimizi zibilxanaya döndərməyə son qoymalı, tullantılara müharibə elan etməliyik”.
Tullantıların “sıfır səviyyəsinə” çatmaq tullantıların əsla olmamasından daha çox, məhsulların məsuliyyətli şəkildə istehsalı, istehlakı və qapalı “dairəvi” sistemdə utilizasiyası deməkdir. Başqa sözlə, resurslardan mümkün qədər maksimum dərəcədə təkrar istifadə etmək, tullantıların həcmini minimuma endirmək zəruridir.
BMT-də vurğulayırlar ki, bütün mərhələlərdə tullantıların sıfır səviyyəsinə nail olmaq lazımdır.
Birləşmiş Millətlər Təşkilatının Yaşayış Məntəqələri Proqramının (BMT – Habitat) icraçı direktoru Maymuna Möhd Şərif deyib: “Biz hər gün külli miqdarda tullantı yaradırıq. Dünyanın bütün şəhərlərində tullantılar probleminin həlli yollarını axtarırlar. Biz tullantıların miqdarını azaltmaq barədə fərdi, ictimai, milli və beynəlxalq səviyyələrdə öhdəliklər götürməliyik”.
Ekspertlərin fikrincə, ilk növbədə, məhsullar uzunömürlü olmalı, onların hazırlanması üçün az miqdarda material tələb olunmalıdır. İstehsalçılar resurs tutumu az olan istehsal və daşıma metodlarını seçməklə ətraf mühitin çirklənməsini və yaranan tullantıların miqdarını məhdudlaşdıra bilərlər.
Tullantısız istehsalın təmin olunmasında istehlakçılar da mühüm rol oynaya bilərlər. Bundan ötrü onlar məişət əşyalarından təkrar istifadə etməli, onları təmir etməli, tullantıları isə sonradan utilizasiya edilmək üçün xüsusi yığım məntəqələrinə təhvil verməlidirlər.
Xəbərin mətnində orfoqrafik səhv var