CƏMİYYƏT
İstifadəyə tam yararsız olan 150 kiloqram mal ətinin satışının qarşısı alınıb VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında İmişli rayon sakini Azad Zeynalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilib. Oradan xəstə, istifadəyə tam yararsız olan, ümumi çəkisi 150 kiloqram mal əti aşkarlanaraq götürülüb.
Ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib, qalan hissəsi isə yandırılaraq məhv edilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə iri buynuzlu heyvana məxsusdur və istifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. A.Zeynalov izahatında əldə etdiyi xəstə heyvanı kəsərək ətini Bakı şəhərində satmaq istədiyini bildirib.
Qeyd edilən faktla bağlı araşdırma aparılır.