CƏMİYYƏT
İstifadəyə yararsız bir tona yaxın quş əti aşkar edilib
Bakı, 13 sentyabr, AZƏRTAC
Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir sentyabrın 11-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən Suraxanı rayonu ərazisində keçirilib. Hövsan qəsəbəsində Bakı şəhər sakini A.Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız 996 kiloqram toyuq əti aşkarlanıb.
Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.