MƏDƏNİYYƏT
İstiqlal Muzeyində “Qürur mənbəyimiz” adlı musiqili bədii tədbir təşkil olunacaq
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 7-də İstiqlal Muzeyində “Qürur mənbəyimiz” adlı musiqili bədii tədbir təşkil olunacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının qəbul edilməsinin 100-cü ildönümü münasibətilə keçiriləcək.
Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı musiqili bədii proqram nümayiş etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlət bayrağı günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.