DÜNYA
İsveç 2028-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulunun ən azı 2 faizinə çatdırmaq niyyətindədir
Stokholm, 28 may, Rauf Əliyev, AZƏRTAC
İsveç 2028-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulunun ən azı 2 faizinə çatdırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin maliyyə naziri Mikael Damberq xarici jurnalistlərə müsahibəsində bildirib.
Hazırda Skandinaviya krallığı ÜDM-in təxminən 1,3 faizini müdafiəyə sahəsinə xərcləyir. Bununla belə, İsveç NATO-ya üzv olmaq üçün müraciət edib, öz növbəsində təşkilat üzv dövlətlərinin ÜDM-in ən azı 2 faizini müdafiəyə ayırmasını tələb edir. Beləliklə, İsveç növbəti altı il ərzində müvafiq xərclərini bu səviyyəyə qaldıracaq.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2021-ci ildə krallıq müdafiəyə 7,9 milyard dollar xərcləyib və son on ildə xərclərin ÜDM-ə nisbətini 1 faizdən bir qədər çox səviyyədə saxlayıb. Damberq bildirir ki, müdafiə xərcləri “mümkün qədər tez artmalıdır”.
İsveçin NATO-ya daxil olandan sonrakı müdafiə mövqeyi ilə bağlı Damberq deyib: “Biz İsveçdə daimi NATO bazalarının olmasına ehtiyac görmürük. İsveç torpağında nüvə silahlarını yerləşdirməyə də ehtiyacımız yoxdur”.
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm