DÜNYA
İsveç sərhəd nəzarəti tədbirlərinin müddətini növbəti dəfə uzadır
Stokholm, 7 fevral, AZƏRTAC
İsveç 2019-cu il mayın 11-dək növbəti dəfə sərhəd nəzarəti tədbirlərinin müddətini daha 3 ay uzadır.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveç hökumətinin xüsusi məlumatında bildirilir.
Sərhəddə yoxlama tədbirlərinin uzadılmasının səbəbinin yüksək terror təhlükəsi və Avropa İttifaqı (Aİ) sərhədlərinin nəzarətində nöqsanların olması üzündən ictimai asayiş və daxili təhlükəsizliyə yaranan təhdid olduğu xatırladılır. Sərhəd nəzarəti tədbirləri polisə sərhəd-keçid məntəqələrində digər Şengen zonası dövlətlərindən İsveçə daxil olan şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi imkanı verir. Lakin qeyd olunmalıdır ki, yoxlama tədbirləri həmin şəxslərin qaçqın statusu almaq üçün müraciət etmək hüququnu və imkanlarını məhdudlaşdırmır.
Xatırladaq ki, Şengen zonası ölkələri ilə sərhəddə sərhəd nəzarəti tədbirlərinin həyata keçirilməsi haqqında qərar 2015-ci ilin noyabrında qəbul edilib. Bunun səbəbi sığınacaq almaq istəyən insanların bu ölkəyə güclü axın etməsi olub. Həmin vaxt hər həftə İsveçə 3 mindən çox qaçqın gəlirdi. Təkcə 2015-ci ildə bu ölkədə 163 min nəfər sığınacaq üçün müraciət edib. O vaxt sərhəd nəzarəti tədbirlərinin tətbiqi hökumətin şəraiti nəzarət altına almaq istəməsi ilə izah olunurdu. Lakin sonradan hökumət Aİ qanunvericiliyi çərçivəsində uzunmüddətli yoxlamalar tətbiq olunduğunu elan etdi. Bu tədbirlər ölkənin “öz təhlükəsizliyi və ya dövlət siyasəti üçün təhdid yarandığı təqdirdə” həyata keçirilə bilər. Daha sonra İsveç hökuməti bu qərarın müddətini bir neçə dəfə uzatdı, həmçinin miqrasiya probleminin hələ də mövcud olması ilə əlaqədar ona düzəlişlər etdi.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm