DÜNYA
İsveçrə Gülnarə Kərimovanın 131 milyon dollarını Özbəkistana qaytaracaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Özbəkistan hökuməti ölkənin birinci prezidentinin qızı Gülnarə Kərimovanın 2012-ci ildən İsveçrə bank hesablarında saxlanılan aktivlərindən 131 milyon dolların qaytarılması barədə İsveçrə ilə razılığa gəlib.
AZƏRTAC Podrobno.uz informasiya agentliyinə istinadla xəbər verir ki, məsələ ilə bağlı Özbəkistan və İsveçrə arasında çərçivə sazişi imzalanıb.
Gülnarə Kərimova Özbəkistanda dövlət vəsaitini mənimsəmə və dələduzluq maddələri ilə məhkum edilib. İsveçrə Baş prokurorluğu 2012-ci ildə onun 800 milyon İsveçrə frankı məbləğində aktivlərini dondurub. Onlardan 131 milyon dolları 2019-cu ildə müsadirə edilmişdi. Bununla belə, İsveçrə Banklarında hələ 715 milyon dollar məbləğində dondurulmuş aktivlər qalır.
Qeyd edək ki, istintaq Gülnarə Kərimovanın iki cinayət işi ilə bağlı dövlətə və vətəndaşlara vurduğu zərəri 1,2 trilyon sum, 1,6 milyard dollar, 26,1 milyon avro həcmində qiymətləndirib. Hazırda Özbəkistan hökuməti onun xarici banklarda saxlanılan 1,3 milyard dollar həcmində aktivlərinin qaytarılması məsələsi ilə məşğul olur.
Özbəkistan tərəfi həmin vəsaiti yalnız vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına və dayanıqlı layihələrə xərclənməsi şərti ilə ala biləcək. Həmçinin Daşkənd bu pulların xərclənməsinə nəzarət üçün şəffaf monitorinq təşkil etməlidir.
Qeyd edək ki, 2020-ci ilin martında Daşkənd Şəhər Məhkəməsi cinayətkar təşkilat yaratma, dələduzluq və mənimsəmə ittihamları üzrə yeni cinayət işləri çərçivəsində Gülnarə Kərimovanın həbs müddətini 13 il dörd aya qədər uzadıb.