İDMAN
İsveçrəli Simon Amman “Dörd tramplin turne”sinin birinci turunun qalibi olmuşdur VİDEO
Bakı, 30 dekabr (AZƏRTAC). İsveçrəli Simon Amman Almaniyanın Oberstdorf şəhərində keçirilmiş “Dörd tramplin turne”sinin birinci turunun böyük tramplindən tullanma yarışlarında qalib olmuşdur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, isveçrəli idmançı iki cəhddə 301,9 xal toplamışdır. İkinci yeri Norveç idmançısı Anders Bardal (297,9) tutmuş, üçüncü yeri isə sloveniyalı Peter Prevc və avstriyalı Tomas Ditxart bölüşmüşlər.
“Dörd tramplin turne”sinin ikinci turu 2013-cü il dekabrın 31-də və gələn il yanvarın 1-də Almaniyanın Garmiş-Partenkirxene şəhərində keçiriləcəkdir.
Simon Amman 2011-ci ilin martından dünya kuboku yarışlarında qələbə qazana bilmirdi. Lakin Oberstdorfda dördqat Olimpiya çempionu hər kəsdən güclü və əminliklə rəqiblərini geridə qoyaraq, ikinci olmuş Bardala 4 xal fərqi ilə qalib gəlmişdir.
Bu qələbə Ammanı Dünya Kubokuna namizədlər sırasında dördüncü yerə çıxarmışdır. Ən əsası isə Amman “Dörd tramplin turne”sinin yekun qalibi olmağa doğru əhəmiyyətli addım atmışdır.