REGİONLAR
İsveçrəli turist: Şəki xanlarının sarayı Azərbaycanın necə zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqləyir
Şəki, 27 mart, Mustafa Dadaşov, AZƏRTAC
Yolanda Kern ailəsi ilə birlikdə Azərbaycana İsveçrənin Bazel şəhərindən gəlib. İsveçrəli qonaqlar Şəkidən əvvəl paytaxt Bakının görməli yerlərini gəzib, İçərişəhərdə olub, Qobustana səfər ediblər.
Şəkiyə səfərlə bağlı təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən qonaq deyib ki, bu qədim diyarın havası, iqlimi, təbiət gözəllikləri, tarixi məkanları onların çox xoşuna gəlib. Xüsusilə Şəki xanlarının sarayı onları valeh edib. “Bu saray Azərbaycanın necə zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir”,- deyə qonaq bildirib.
Azərbaycana Novruz bayramı günlərində səfər etməyin heç də təsadüfi olmadığını vurğulayan Yolanda Kern deyib: “Ailə üzvlərimizdən biri Bakıda, ADA Universitetində təhsil alır. Həmişə deyir ki, Azərbaycanda Novruz bayramı çox yüksək səviyyədə keçirilir. Biz də böyük məmnuniyyətlə, bayram günlərində ölkənizə səfər etdik. İlk dəfədir ki, Azərbaycandayıq. İstəyirik ki, adət-ənənələrinizlə daha yaxından tanış olaq. Ölkənizdən zəngin təəssüratlarla ayrılacağıq”.