İDMAN
İtaliya A Seriyası: "Roma"-"Milan" oyununda qalib müəyyənləşməyib
Bakı, 4 fevral, Nicat Məmmədov, AZƏRTAC
Fevralın 3-də İtaliya A Seriyasının XXII turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Romada baş tutub. "Olimpiko" stadionunda “Roma” cari mövsüm yaxşı oyunu ilə diqqət çəkən "Milan"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Hesabı yeni transfer Piatekin qolu ilə qonaqlar açsalar da, ikinci hissənin əvvəlində “Canavarlar” Zaniolonun sayəsində status-kvonu bərpa ediblər - 1:1.
Milan şəhərinin digər təmsilçisi “İnter” doğma azarkeşlər önündə gözlənilmədən “Bolonya”ya məğlub olub -0:1.
Turnir cədvəlin lideri "Yuventus" öz meydanında "Parma"nın öhdəsindən gələ bilməyib. Olduqca dramatik keçən görüşdə qalib müəyyənləşməyib - 3:3. Bu matçda Kriştiano Ronaldo dubl edib.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Empoli"-"Kyevo" - 2:2
"Napoli"-"Sampdoriya" - 3:0
SPAL- "Torino" - 0:0
"Cenoa"-"Sassuolo" - 1:1
"Udineze"-"Fiorentina" - 1:1.
Qeyd edək ki, tura bu keçiriləcək "Frosinone"-"Latsio" və "Kalyari"-"Atalanta" oyunları ilə yekun vurulacaq.
İyirmi iki turdan sonra turnir cədvəlinə 60 xalla "Yuventus" başçılıq edir, "Napoli" 51 xalla ikinci, "İnter" isə 40 xalla üçüncü yerdə qərarlaşıb. Aktivində 34 xal olan "Milan" dördüncüdür.