DÜNYA
İtaliya Prezidenti ABŞ-a səfər edib VİDEO
Roma, 8 fevral, AZƏRTAC
İtaliya Prezidenti Sergio Mattarella ABŞ-a səfər edib. Səfər çərçivəsində İtaliya dövlətinin başçısı ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Görüşdə beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlığın genişləndirilməsi və qaçqın böhranının həllində birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq.
İtaliya Prezidenti əvvəlcə Vaşinqtonda Arlinqton milli qəbiristanlığındakı naməlum əsgərin məzarını ziyarət edib. O, ABŞ-ın Milli İncəsənət Qalereyasında da olub.
Sergio Mattarella ABŞ-ın vitse-prezidenti Cozef Bayden, Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan və digər rəsmi şəxslərlə də görüşəcək. Vaşinqtondan sonra Nyu-Yorka səfəri nəzərdə tutulan İtaliya Prezidenti burada BMT-nin baş katibi Pan Gi Mun, həmçinin ölkəsinin təşkilatdakı nümayəndə heyəti ilə görüşlər keçirəcək. Səfərin sonuncu günü Sergio Mattarella Hyustonda Milli Aeronavtika və Kosmik İdarəçilik üzrə Conson adına Kosmik Mərkəzi (NASA) ziyarət edəcək və burada italiyalı astronavtlarla görüşəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma