ELM VƏ TƏHSİL
İtaliya Romualdo Del Bianko Fondununun icraçı direktoru Turizm və Menecment Universitetində olub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İtaliya Romualdo Del Bianko Fondunun icraçı direktoru Simone Giometti ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, görüşdə ATMU-nun rektoru İlham Mədətov universitet və Romualdo Del Bianko Fondu arasında 2015-ci ildən başlanan əməkdaşlıq əlaqələrinin səmərəli olduğunu söyləyib. Rektor İtaliya və Azərbaycan arasında möhkəmlənən çoxşaxəli əlaqələrdən də bəhs edib.
Görüş əsnasında fondun təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirlərdə ATMU–nun iştirakı məsələsi diqqətdə saxlanılıb.
Xatırladaq ki, 2021-ci il noyabrın 26-da İtaliyanın Romualdo del Bianko Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Life Beyond Tourism, LBT” hərəkatının tərəfdaşı ATMU Şuşa şəhərinin turizm destinasiyası kimi təbliği ilə bağlı Florensiyada keçirilən LBT festivalında onlayn iştirak edib. Festivala ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri “Şuşa – Dağlardan gələn səsin harmoniyası” adlı təqdimatla qatılıblar. Onlayn təqdimat Şuşanın beynəlxalq müstəvidə tərənnümü baxımından Azərbaycan üçün ilk təcrübələrdən biri kimi dəyərləndirilir.
Qeyd edək ki, ATMU-nun nümayəndələri məhz faydalı əməkdaşlıq sayəsində Romualdo Del Bianko Fondu tərəfindən müxtəlif vaxtlarda təşkil edilən beynəlxalq tədbirlərdə iştirak ediblər. Eyni zamanda, fondun məsul nümayəndələri ölkəmizdə təşkil edilən müxtəlif istiqamətli beynəlxalq tədbirlərin iştirakçısı olublar.