MƏDƏNİYYƏT
İtaliyada koronavirusla mübarizə aparanlara dəstək videosu hazırlanıb
Roma, 1 aprel, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyi italyanlarla həmrəylik nümayiş etdirən videoçarx yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Media Mərkəzi COVID-19 virusunun ağır nəticələrə səbəb olduğu italyanlar üçün hazırladığı dəstək videoçarxında pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və vətəndaşlarımızın dost İtaliya xalqına dəstəyi ifadə olunur.
Skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayiəti ilə hazırlanan videonun sonunda italyan dilində “İtaliya, Azərbaycan səninlədir!” , “Evdə qalın!” , “ Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur.
Videoçarx Azərbaycanda COVID-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma